Qarabağda 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı var - Pərviz Şahbazov

7 yanvar, Fineko/abc.az. Prezidentin tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə bildirib.

 Nazir qeyd edib ki, bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır: "İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı var. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır. Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması bu ərazilərin enerji təminatına öz töhfəsini verəcək”.

 

Tarix: 07 Yanvar 2021 | 15:44
Whatsapp-la göndər

Xəbərlər