330x110
 

Qazaxıstanla avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub

25.05.2018,11:27


Mayın 24-də Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Qazaxıstan nümayəndə heyətinə "KazakhExport" ixracın sığortalanması şirkətinin idarə heyətinin sədri Ruslan İsakov rəhbərlik edib.

Görüş zamanı tərəflər arasında iqtisadi, ticarət və nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı sahəsində mövcud vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Qazaxıstan Respublikasının nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstan Respublikasında Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo", "Hyundai" və "İveco" markalı avtobusların, həm də elektromobillərin istehsalı barədə təqdimatla çıxış edib.

Ruslan İsakov sərnişin avtobusları parkının yenilənməsi sahəsində dövlət proqramlarının qəbulu və icrası, şəhərdaxili sərnişin daşınmasında vahid bilet sisteminin və elektron bilet satışının tətbiqi, taksi minik avtomobillərinin və operatorlarının idarə olunması, həmçinin onlara dövlət nəzarətinin həyata keçirilməsi qaydaları barədə məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov isə qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikasında  görülən və gələcəkdə nəzərdə tutulan tədbirlərə dair ətraflı məlumat verərək, belə görüşlərin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

O, nəqliyyat sisteminin qloballaşması prosesində beynəlxalq nəqliyyat daşımalarının hüquqi tənzimlənməsi, daşıma prosesi iştirakçılarının məsuliyyəti və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinin qarşıda duran ən aktual məsələlər olduğunu qeyd edib.

Eyni zamanda, Azərbaycan Respublikasının nəqliyyat sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulduğunu vurğulayan H.Həsənov beynəlxalq öhdəliklərə əməl olunmasının ölkə daxilində aparılan hüquqi islahatların nəticəsi olduğunu vurğulayıb.