İnfeksion xəstəliklərə səbəb olan Herpes virusu

14:06 - 30.05.2018


Yunan dilindən tərcümədə-sürünüən, yayılan dəri xəstəliyi anlamına gəlir. Virus xəstəliyi olub, dəri və selikli qişalarda maye dolu suluqların əmələ gəlməsi ilə xarakterizə olunur.

40 yaşdan yuxarı insanların 90%-i ömründə ən az bir dəfə herpeslə qarşılaşmış olur ki, onların qanında antitellər tapılır.

Herpesin ağırlığı əsasən immun sistemin vəziyyətilə bağlıdır. Sadə herpes ilk növbədə dəri, selikli qişalar, sinir sistemi və digər orqanları zədələyir.

Bir çox infeksion xəstəliklərin törədicisi herpes virusudur:

Su çiçəyi

Dodaqda herpes

Kəmərvari dəmrov

İnfeksion mononukleoz

Ekzantema

Genital herpes və s.

Herpes həm də- dağınıq skleroz, xroniki yorğunluq sindromu və bəzi onkoloji xəstəliklərin səbəbi kimi məlumdur.

Əksər insanlar herpesə yoluxmalarından xəbərsiz olurlar. Bəzən herpes digər virus infeksiyaları – KRVİ, Qripp ilə eyni vaxtda aktivləşir. Həm də məlumdur ki, herpes stress, ağır fiziki işlər və əməliyyatlardan sonra üzə çıxır.

Herpes necə yoluxur?

Herpes xəstə insandan kontakt yolu ilə - toxunma, əl sıxma, qucaqlaşma, öpüşməklə, həmçinin şəxsi gigiyena vasitələri və məişət əşyaları ilə yoluxur.

Genital herpes cinsi yolla yoluxur.

Həmçinin hamiləlik dövründə herpes anadan dölə yoluxa bilər.

Herpesin əlamətləri hansılardır?

Hazırda herpesin 8 tipi vardır və hər birinin xarakterik əlamətləri mövcuddur.

I tip herpes üzdə, əsas da dodaqlarda xırda səpgilər şəklində özünü büruzə verir.

II tip herpes zamanı əsasən genital (cinsi orqanlar) nahiyyədə dəri və selikli qişalar zədələnir. Herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər.

III tip Herpes (suçiçəyinin törədicisi)- uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrovu yaradır. Suçiçəyi zamanı səpgilər tək-tək olub, başın tüklü hissəsində və bütün bədən boyunca yayılır. Kəmərvari dəmrov isə yalnız sinir kökləri və sinirlər boyunca yayılır. Tipik kəmərvari dəmrov gövdədə, qabırğaarası sinirlər boyunca yayılır və şiddətli ağrı ilə müşayiət olunur. III tip herpes həmçinin bronxit, pnevmoniya, meningit, miokarditə səbəb ola bilər.

IV tip herpes (Epşteyn-Barr) infeksion nukleozu törədir. Əlamətləri-angina, hepatit və limfadenopatiyadır. Xəstəliyin ağırlıq dərəcəsi immun sistemdən asılı olaraq, bəzən ağır hepatit, sarılıq və intoksikasiya ilə keçə bilər.

V tip herpes (sitomeqalovirus) böyüklərdə daxili orqanları- qaraciyər, ağ ciyərlər, ürək və böyrəkləri zədələyir. Bu virus xüsusilə döl və yenidoğulmuşlar üçün təhlükəlidir. Əgər qadın hamiləlik dövründə bu virusa yoluxarsa- dölün bətndaxili ölümü, doğuşdan sonra isə korluq və ya yenidoğulma dövründə ölümlə nəticələnə bilər.

VI tip herpes sinir sistemini zədələyərək depressiya, emosional problemlərə yol aça bilir. Bəzi mənbələrə görə bu tip həm də xərçəng xəstəliyinə səbəb olur.

VII tip herpes xroniki yorğunluq sindromunun inkişafına təkan verir.

VIII tip herpes isə QİÇS xəstələrində Kapoşi sarkomasını törədir.

Nə etməli?

Qeyd etdiyimiz kimi Herpes ciddi sağlamlıq problemləri və bəzən letal nəticələrə səbəb ola bilər. Bu səbəbdən istənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır. Vaxtında və düzgün qoyulmuş diaqnoz və kompleks müalicə tədbirləri sağlamlığınızı qorumağa yardımçı olacaq.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlirik ki, herpesdən qorunmağın 2 əsas yolu var:

1.         İmmun sistem möhkəm və sağlam olmalıdır

2.         Şəxsi gigiyena qaydalarına maksimum riayət olunmalıdır.

Вся лента