Fövqəladə Hallar Nazirliyi və "Azəravtoyol" ASC-nin mütəxəssisləri Göyçayda qəzalı vəziyyətə düşən körpüyə ilkin baxış keçirmişlər.

15:28 - 3.06.2018


3 iyun, Fineko/abc.az. 01 və 02 iyun 2018-ci il tarixlərində Respublikanın bəzi dağlıq ərazilərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artmışdır. Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi  uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi - sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılmışdır. 

   Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azəravtoyol" ASC-nin mütəxəssisləri körpüyə vizual texniki baxış keçirmişlər. İlkin baxış zamanı müəyyən olunmuşdur ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılmış, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulmuşdur. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına  səbəb olmuşdur.

  Mütəxəssislərin fikrinə görə körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmamışdır. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilmişdir. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcəkdir. 

    Hazırda Fövqəladə Hallar Nazirliyinin, "Azəravtoyol" ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternativ körpünün salınması üçün təkliflər hazırlanır.                    

      Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət 

sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından (əlavə 35 km) istifadə etmək tövsiyə olunur.

 


Вся лента