Azərbaycan qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəmli ölkədir - İlham Əliyev

30.09.2022,17:34


30 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi sentyabrın 30-da  Prezident İlham Əliyevin Bolqarıstana səfəri başlayıb.

ABC.AZ-ın məlumatına görə, səfər zamanı dövlət başçısı İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə geniş tərkibdə görüş keçirib.

Görüşdə Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, biz bu səfəri bir imkan kimi dəyərləndiririk.

O qeyd edib ki, biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək.

"Biz enerji sahəsində əməkdaşlığımıza çox böyük əhəmiyyət və çox böyük önəm veririk. Amma, əlbəttə, biz görüşümüzdə təkcə enerji sahəsini deyil, digər strateji sahələri də müzakirə edəcəyik. İnnovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu və təbii ki, mədəniyyət, elm sahələri də buraya daxildir. Bunlar da bizim əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəkdir", - deyə Bolqarıstan prezidenti qeyd edib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, siz tamamilə haqlı qeyd etdiniz ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram.

"Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir", - İ.Əliyev qeyd edib.