Gömrükçülər Səfər Mehdiyevdən sonra ilk dəfə xeyli miqdard pirotexnika aşkarlayıb

14:02 - 6.10.2022


6 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xeyli miqdarda pirotexniki vasitələr aşkar ediblər.

ABC.AZ xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xeyli miqdarda fişəng, pirotexniki və tezalışan vasitələrin realizə edilməsinin qarşısı alınıb.

"Baş İdarənin Əməliyyat şöbəsinə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişəngləri, pirotexniki və tezalışan vasitələrin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən yaşayış sahəsində saxlanılması və satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub" - deyə komitə açıqlama verib.

Məlumat əsasında gömrükçülər tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda müxtəlif adda - 291 ədəd fişəng, 250 ədəd fitil, 440 ədəd fişənglərin hazırlanması üçün nəzərdə tutulan böyük və kiçik ölçülü karton boru, 245 ədəd yapışqan üzlük aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu - son 2 ildə Gömrük Komitəsi əməkdaşlarının aşkar etdiyi ilk pirotexnika partiyasıdır.

 

 


Вся лента