DTX Naxçıvanın maliyyə naziri saxladı – Detallar

28.11.2022,10:42


28 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev həbs olunub.

ABC.AZ xəbər verir ki, onun həbsi barədə bəzi detallar üzə şıxıb.

Bu barədə Qafqazinfo məlumat yayıb. R.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatların və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə həbs edilib.

Belə ki, bir neçə gün əvvəl DTX Naxçıvan MR Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, müxtəlif rəhbər vəzifəli şəxslər məsuliyyətə cəlb edilərək həbs ediliblər.

Aparılan cinayət işi üzrə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs edilib. Həmin vəzifəni isə 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 19 avqust 2020-ci il sərəncamı ilə Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. Bundan sonra Mənsur Əsgərov Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.