İşə qəbul üzrə müsabiqə

14:57 - 24.10.2017


Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir.

Müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 28 oktyabr 2017-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərir.

Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.

Вся лента