Səlahiyyətli İqtisadi Operatorlar Proqramının tətbiqinə dair növbəti milli seminar başlayıb

19:23 - 11.06.2018


11 iyun, Fineko/abc.az. İyunun 11-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Səlahiyyətli İqtisadi Operatorlar (SİO) Proqramının tətbiqinə dair növbəti milli seminar başlayıb.

ÜGT-nin təşkilatçılığı ilə keçirilən seminarda Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin əməkdaşları iştirak edir.

Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev ÜGT ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib və bu təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, eləcə də Regional Tədris Mərkəzinin, Kinoloji Mərkəzinin Bakıda fəaliyyət göstərməsinin əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq gömrük işinin təşkili sahəsində mühüm nailiyyətlər əldə olunduğunu qeyd edən Əsgər Abdullayev, həyata keçirilən mütərəqqi islahatların gömrük sisteminin də dinamik şəkildə inkişafına zəmin yaratdığını bildirib.

Beynəlxalq ticarətin inkişafı, ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, biznes-gömrük əməkdaşlığının gücləndirilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atıldığını bildirən Komitə sədrinin müavini, SİO Proqramının tətbiqinin reallaşdırılması ilə birlikdə ölkədə investisiya mühitinin daha da yaxşılaşdrılmasına şərait yaranacağını, seminarın bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyini vurğulayıb.

ÜGT-nin eksperti Aşa Mennon SİO Proqramının ticarətin regional və qlobal səviyyədə inkişafında mühüm rol oynadığını və Azərbaycanın bu proqramın tətbiqi istiqamətindəki təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib. Qeyd edilib ki, artıq 78 ölkə SİO Proqramını tətbiq edir və 56 ölkə bu istiqamətdə qarşılıqlı razılaşmaların əldə edilməsinə nail olub.

Qeyd edək ki, 2 gün davam edəcək seminarda ÜGT-nin ekspertləri Aşa Mennon və Helena Gerstenkorn tərəfindən iştirakçılara SAFE SİO Proqramı və proqramın tətbiqinin faydaları, SİO ilə bağlı yoxlama aparan şəxslərə dair təlimatlar, SİO ilə bağlı yoxlama aparan şəxslərin təlimi modulu, proqramın tətbiq edildiyi ölkələrin təcrübəsi və digər mövzularda məlumatlar veriləcək.

Вся лента