5-ci sinif şagirdləri üçün müsabiqə

13:14 - 12.06.2018


12 iyun, Fineko/abc.az. Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində skreç mühitində yaradılmış layihələr - yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqə 5-ci sinif şagirdlərinin skreç proqramlaşdırma mühitində yaradıcı özünüreallaşdırmasını təşviq etmək, iştirakçıların bilik səviyyəsini qiymətləndirmək, uşaqlar arasında populyarlıq qazanmış mövzu və qəhrəmanları müəyyənləşdirmək məqsədi ilə təşkil edilib.

Müsabiqə çərçivəsində 5-ci sinif şagirdləri tərəfindən yaradılmış layihələrin qiymətləndirmə meyarları ekspert komissiyası tərəfindən müəyyənləşdirilib. Müsabiqədə Bakı şəhəri üzrə layihənin həyata keçirildiyi 45 məktəbin 5-ci sinif şagirdləri iştirak edib. 250-dən çox şagird 300-dən çox layihə təqdim edib. Müəyyən olunmuş 4 nominasiyada 14 layihə seçilərək mükafatlandırılıb.

Qaliblər və onların məşqçiləri qismində iştirak edən müəllimlər müxtəlif mükafatlar və fəxri fərmanlar, bütün şagirdlər isə “İştirakçı sertifikatı” ilə təltif edilib.  

Laureat-layihələr “Rəqəmsal bacarıqlar” pilot layihəsinin onlayn platformasında sərbəst nümayiş üçün yerləşdirilib.

Qeyd edək ki, müsabiqəyə alqoritmika platformasında skreç mühitində icra edilmiş orijinal və tamamlanmış layihələr qəbul edilib. Müsabiqənin hər mərhələsi bir həftə davam etməklə, 2 mərhələdə keçirilib. Birinci mərhələ üçün şagirdlər 4 nominasiyada  - cizgi filmi və ya interaktiv kitab, oyun, faydalı proqram təminatı və tədris resursu üzrə layihələr hazırlayıblar. İkinci mərhələdə müsabiqədə iştirak hüququ qazanmış layihələr “Alqoritmika Azərbaycan” MMC-nin metodistlərindən və proqramçılarından ibarət ekspert komissiyası tərəfindən qiymətləndirilib.

İştirakçılar müsabiqə üçün nəzərdə tutulmuş tapşırığı fərdi və ya komanda şəklində hazırlayıblar.

 

Вся лента