Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

15:34 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. Maliyyə Nazirliyi 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı məlumatları açıqlayıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, ötən il büdcə gəlirləri proqnozdan 5% artıq, xərcləri isə 0,7% az göstərici ilə icra olunub. Büdcənin kəsiri isə gözləniləndən 2 dəfə az olub.

Operativ məlumata əsasən 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln. manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4264,2 mln. manat və ya 16,2 faiz çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15541,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3801,5 mln. manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7012,3 mln. manat və ya 82,2 faiz çoxdur.

Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7458,7 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 3438,7 mln. manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5272,4 mln. manat və ya 3,4 dəfə çoxdur.

Вся лента