Daha 2 rayonda torpaqların elektron kadastr uçot işlərinə başlanıldı

11:23 - 15.06.2018


15 iyun,Fineko/abc.az. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri davam etdirilir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması istiqamətində tədbirlər müxtəlif bölgələri əhatə etməkdədir. 

Bu dəfə torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulan bölgələr Quba və Qusar rayonlarıdır. Qusarda iyunun 14-də  bu istiqamətdə görüləcək işlərin izahı, gözlənilən nəticələr və onun gələcək perspektivləri ilə bağlı rayon ərazisində  maarifləndirici tədbir keçirildi. Komitə ilə yanaşı, Qusar Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, bu sahə ilə bağlı olan dövlət qurumlarının nümayəndələri, o cümlədən, mülkiyyətçilər, sahibkarlar və media nümayəndələri tədbirin iştirakçısı idilər. Qeyd edilməlidir ki, analoji tədbir iyunun 13-də Quba rayonunda da baş tutub.

Bildirildi ki, rayonda elektron kadastr uçotunun aparılması torpaqların təyinatı, kəmiyyət və keyfiyyət göstəricisi üzrə real elektron kadastr məlumat bazasının yaradılmasına və dəqiq xəritələrin tərtibinə səbəb olacaq. Buradan torpaqların qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərin daha çox iqtisadi fayda verəcəyi müəyyənləşəcək.

Qeyd edildi ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin tətbiqi ilə mövcud torpaq sahəsinin hazırki real sahə ölçüsü ilə, hüquqmüəyyənedici sənədlərdəki leqal ölçüləri arasında mövcud uyğunsuzluqlar aradan qalxacaq. Həyata keçirilən bu layihə nəticəsində torpaq idarəetməsində dövlət nəzarəti daha da təkmilləşəcək. Belə ki, elektron kadastr məlumatları qanunsuz tikililərin, zəbt olunmuş, istifadədən kənar qalan torpaq sahələrini müəyyənləşdirməyə şərait yaradacaq. Eləcə də bu sistemin hər iki rayonda istifadəyə verilməsi vətəndaşların əmlaklarına dair çıxarış alması prosesini daha sadə və çevik həyata keçirməyə imkan yaradacaq.

Tədbirdə rayon üzrə  reallaşacaq olan elektron kadastr məlumat bazasının tətbiqi  və rəqəmsal xəritələr ilə bağlı iştirakçıları maraqlandıran suallar layihənin mütəxəssisləri tərəfindən cavablandırıldı.

 Sonda elektron kadastr işləri ilə bağlı təşkilati məsələlər işgüzar formatda müzakirə edildi.

Вся лента