Yaponiya XİN: ABŞ nüvə silahının ləğvi ilə bağlı KXDR-ə 47 bəndlik tələblər irəli sürüb

19:18 - 17.06.2018


17 iyun, Fineko/abc.az.  ABŞ nüvə silahının ləğvi ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) 47 bəndlik tələblər irəli sürüb.Bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono NHK telekanalına müsahibəsində bəyan edib.

“ABŞ-ın dövlət katibi Maykl Pompeo Pxenyana səfəri zamanı KXDR-in diqqətinə çatdırıb ki, onun ölkəsi “tam nüvəsizləşdirmə” anlayışına nüvə silahının, o cümlədən kimyəvi və bioloji silahlar da daxil olmaqla digər kütləvi qırğın silahlarının, həmçinin raketlərin və başqa müvafiq obyektlərin nəzarət olunan və dönməz şəkildə ləğvini nəzərdə tutur. Bununla əlaqədar KXDR-ə 47 istiqamət üzrə tələblər təqdim edilib. Əgər nüvə silahının tam ləğvi ilə bağlı tələblər bu qaydalar çərçivəsində həyata keçirilməsə, KXDR-ə qarşı sanksiyalar aradan qaldırılmayacaq”, - deyə T.Kono bildirib.

Nazir qeyd edib ki, KXDR ABŞ tərəfindən təhlükəsizlik barədə təminatın müqabilində nüvə silahının tam ləğvi ilə bağlı öhdəliyindən yayınmamalıdır.

T.Kono deyib: “Şimali Koreyada rəhbərin vədi, xüsusən o yazılı formada verilibsə, xüsusi məna daşıyır. Mühüm əhəmiyyət kəsb edən məqam isə tam nüvəsizləşdirilmənin ölkə daxilində elan edilməsidir. Hesab edirəm ki, belə olan təqdirdə KXDR öz öhdəliklərindən geri çəkilməyəcək”.

 

Вся лента