20 iyun Naxçıvanda keçiriləcək “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirində iştirak edəcək xarici qonaqlar artıq Bakıdadır

22:36 - 19.06.2018


19 iyun, Fineko/abc.az. Məlumat üçün bildiririk ki, 13-15 oktyabr 2009-cu il tarixində Bakı şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi barədə qərar qəbul edilmişdir.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2016-cı il tarixli 2091 nömrəli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Sərəncamda deyilir:

“Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır”.

Naxçıvan şəhərin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı cari ilin 20 iyun tarixində Naxçıvanda təntənəli mərasim keçiriləcəkdir. Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru, TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edəcək. Tədbirdə iştirak edəcək xarici qonaqların bir qismi artıq paytaxtımızdadır.

Məlumat üçün qeyd edək ki, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ili çərçivəsində İSESKO-nun 2018-ci il üçün Fəaliyyət Planına uyğun olaraq cari ilin 20-21 iyun tarixində Bakıda Mədəniyyət sənayelərində investisiyanın vacibliyi və onun gənc insanlar arasında işsizliyin azaldılmasında rolu üzrə milli seminar təşkil olunacaqdır. Həmçinin 21-22 iyun tarixində Naxçıvan şəhərində “Üzv ölkələrdə İSESKO-nun Yaşıl Şəhərlər Strategiyasının həyata keçirilməsi” üzrə ekspertlər görüşü keçiriləcəkdir.

 

 

Вся лента