Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi mövzusunda seminar başlayıb

00:10 - 21.06.2018


21 iyun, Fineko/abc.az.  İyunun 20-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi" mövzusunda ikigünlük seminar başlayıb.

ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Serbiya, Albaniya, İspaniya, Bolqarıstan, Gürcüstan, Makedoniya gömrük xidmətlərinin əməkdaşları, beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir.

Seminarda beynəlxalq gömrük ictimaiyyətinin gündəliyindəki ən vacib məsələlərdən biri - ticarət prosedurlarının asanlaşdırılması barədə müzakirələr aparılır.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti polkovniki Anar Süleymanov Azərbaycan gömrüyünün son illər ticarət prosedurlarının asanlaşdırılması və sadələşdirilməsilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib, ölkədə bu layihələrin icrası ilə bağlı ən yüksək səviyyədə siyasi iradənin olduğunu vurğulayıb.

Anar Süleymanov xüsusilə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən ticarət və logistikanın inkişafı üzrə strateji yol xəritələri barədə iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "bir pəncərə", SİO institutunun inkişafı, risklərin idarə olunması, post-audit sisteminin inkişafı kimi layihələr transaksiya əsaslı gömrük nəzarəti psixologiyasından - audit əsaslı gömrük nəzarəti fəlsəfəsinə keçidi təmin edib.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermann təmsil etdiyi qurumun bu sahədəki gündəliyi, strateji inkişaf planı və potensialın gücləndirilməsinə dair tələbləri barədə danışıb, seminarın gömrük işinin səmərəsinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Seminarda ÜGT və ticarətin asanlaşdırılması vasitələri, Türkiyənin gömrük məlumatlarının mübadiləsi modeli, TIR sistemi üçün informasiya texnologiyaları həlləri, beynəlxalq dəmir yolu tranzit əməliyyatlarında gömrük işinin sadələşdirilməsi və sürətləndirilməsi və digər mövzularda təqdimatlar keçiriləcək, mövzular üzrə müzakirələr aparılacaq.

 

Вся лента