İlin ən böyük sığorta tədbiri – Beynəlxalq Sığorta Konfransı keçirilib.

17:32 - 21.06.2018


20 İyun 2018-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyası, Rumıniyanın Xprimm Media şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi ilə “Azərbaycanda sığorta – Yeni perspektivlər” adlı sığorta konfransı baş tutub. Konfrans sığorta bazarının konsolidasiyası, dinamik inkişafı, yeni icbari sığorta növləri, bazardakı islahatlar və yeniliklərə dair mövzulara həsr olunub.

18 ölkədən 185 nəfərin qatıldığı konfransda Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, o cümlədən, sığorta və təkrarsığorta şirkətləri, həmçinin, İcbari Sığorta Bürosu, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası, Azərbaycan Risk Peşəkarları Assosiasiyaları və Audatex Azərbaycan şirkətinin rəhbər şəxsləri iştirak edib.

Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çex Respublikası, Böyük Britaniya, Belarus, Hollandiya, Almaniya, Gürcüstan, Rumıniya, Qazaxıstan, Albaniya, İsrail, Latviya, İspaniya, Ukrayna, Polşa və İranın sığorta və təkrarsığorta şirkətləri, eləcə də, əlaqəli qurumlarının nümayəndələri və sığorta sahəsində ixtisaslaşmış ekspertləri, həmçinin, Türkiyənin TARSİM (Kənd təsərrüfatı sığortaları hovuzu) sistemi, Solera Şirkətlər qrupunun Fransa nümayəndəliyi, Gürcüstanın Dövlət Sığorta Nəzarəti orqanı, nüfuzlu reytinq agentliklərindən olan A.M Best və FİTCH Ratings agentliklərinin nümayəndələri, Russian Re, Polish Re, Barents Re kimi tanınmış təkrarsığorta şirkətləri, ölkəmizin və dünyanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin yüksək struktur nümayəndələri, həmçinin, Belarus Sığorta Assosiasiyası konfransa iştirakçı qismində qatılıb.

Konfransın açılış mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli nitq söyləyib. Çıxışlarda sığortanın maliyyə sektoru və bütövlükdə ölkə iqtisadiyyatındakı əhəmiyyəti vurğulanıb. Eyni zamanda, sığorta sektorunun inkişafını dəstəkləyən beynəlxalq və regional konfransların bu sahəyə qatdığı dəyərlərin əvəzedilməz olduğu qeyd edilib. 

Tədbirdə “Azərbaycan sığorta bazarındakı makroiqtisadi trendlər və onun regional sığorta sektoruna təsiri”, “İcbari sığortaların tətbiqi və mikrosığorta”, “Rəqəmsallıq və onun istehsalçılar və istehlakçılar üçün riskləri”, “Katastrofik modelləmə”, “Kənd təsərrüfatı sığortası” kimi mövzular üzrə məruzəçilər çıxış edib və interaktiv panellər baş tutub.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə yerli sığorta bazarının inkişafının dəstəklənməsi məqsədilə daha əvvəllər də beynəlxalq tədbirlər təşkil olunmuşdur.

Вся лента