Azərbaycan 2018-ci il dövlət büdcəsinə düzəliş edərək qeyri-neft gəlirlər üzrə proqnozları azaldıb

13:10 - 22.06.2018


22 iyun, Fineko/abc.az. Azərbaycanda neftin təsbit edilmiş baza qiymətinin 10 dollardan 55 dollara qədər qaldırılması nəticəsində dövlət büdcəsinin gəlirlərinin artması gözlənilir.

Azərbaycanın maliyyə naziri Samir Şərifov Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin  mənfəətindən əlavə 500 milyon manatın daxil olması gözlənilir.

“Həmçinin, düzəlişə, yəni Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan gəlirlərin proqnozunun 1 milyard 27 milyon AZN məbləğində azaldılmasına da zərurət yaranıb ki, bu da bəzi vergilərin ilkin ödənişi ilə bağlıdır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə,  2018-ci il dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat səviyyəsində gözlənilir ki, bu da cari ilin təsdiq edilmiş büdcə proqnozundan 1 milyard 983 milyon manat çoxdur. 2018-ci il dövlət büdcəsinin xərcləri düzəlişlərdən sonra 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq edilmiş proqnozundan 3,6% çoxdur.

“Düzəlişdən sonra icmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozdan 3 milyard 981,1 milyon manat və ya 16,5% çoxdur. İcmal büdcənin xərcləri 1 milyard 600,2 milyon manat artırılaraq 26 milyard 537 milyon manata çatdırılacaq. Nəticədə icmal büdcənin 1 milyard 549,8 milyon manat səviyyəsində artıqlığı proqnozlaşdırılır”, - deyə nazir bildirib.

 

Вся лента