Azərbaycanın “AzerGold” şirkəti ilə Qazaxıstanın “Kazzinc” şirkəti əməkdaşlıq memorandumu imzalayacaqlar

12:53 - 25.06.2018


25 iyun, Fineko/abc.az. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Şərqi Qazaxıstanda yerləşən mədən və metallurgiya zavodlarları ilə tanış olub.

“AzerGold”un məlumatında deyildiyi kimi, Ust-Kameneqorsk şəhərində təşkil olunan görüş keçirilmişdir.

“Kadr hazırlığı, layihələrin idarə olunması, təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq haqqında memorandumun imzalanması perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Daha sonra nümayəndə heyəti metallurgiya kompleksi, o cümlədən sink saflaşdırma, qurğuşunəritmə və misəritmə zavodlarının iqtisadi imkanları, istehsalat gücü və logistik fəaliyyəti haqqında ətraflı məlumat əldə edib”, - deyə məlumatda bildirilir.

Məlumatda deyilir ki, Ridder şəhərinə təşkil olunan səfər çərçivəsində QSC-nin nümayəndələri sink konsentratının emalı və qaynayan qatda bişirmə texnologiyası, Ridder Dolinnı mədənində möhkəmləndirmə olmadan mədən çıxarma üsulu, Tişinski və Sokolnıy mədənlərində isə dağ-mədən işlərində relssiz maşından istifadə edilməsi və horizontlar üzrə yeraltı mədən çıxarma üsulu ətrafında geniş fikir mübadiləsi aparıb.

Nümayəndə heyətinin səfəri Semey şəhərində davam edib. “AzerGold” QSC-nin təmsilçiləri bu şəhərdə yerləşən, “Nordgold” şirkətinə məxsus dünyanın ən böyük mədənlərindən biri – Suzdalın fəaliyyəti ilə yaxından tanış olub. Mədəndə tətbiq olunan innovativ BIOX texnologiyası “AzerGold” QSC-nin nümayəndə heyətinin diqqətini cəlb edib, onun tətbiqi haqqında ətraflı məlumat əldə edilib.

“AzerGold” QSC-nin fəaliyyəti, ixracda əldə etdiyi nailiyyətlər və tətbiq etdiyi texnologiyalar Qazaxıstan şirkətlərinin böyük marağına səbəb olub. Bununla yanaşı, Qazaxıstan şirkətlərinin Azərbaycana səfəri və “AzerGold” QSC-nin fəaliyyəti ilə yaxından tanış olmaları haqqında ilkin razılıq əldə olunub.

 

Вся лента