Əbülfəs Qarayev Mərkəzi İncəsənət Məktəbinin 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş iclasda iştirak edib

16:20 - 25.06.2018


25 iyun, Fineko/abc.az. İyunun 25-də mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş iclas keçirildi.

İclasdan əvvəl mədəniyyət naziri məktəbin qabaqcıl müəllim və şagird heyəti ilə görüşdü. Təhsil ocağında yeni yaradılmış musiqi alətləri emalatxanası, rəsm dərnəyi, kitabxana ilə tanışlıqdan sonra nazirə məktəbin nəzdində fəaliyyət göstərən rəqs kollektivlərinin fəaliyyəti haqqında məlumat verildi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri direktorlarının iştirak etdiyi iclas Mərkəzi İncəsənət Məktəbinin tarixini əks etdirən qısa filmin nümayişi ilə başladı. Daha sonra məktəbin nəzdində Uşaq estrada və Rok estrada sənəti sinfinin yaradılması layihəsi haqqında məlumat diqqətə çatdırıldı, incəsənət məktəblərində  kino və bədii qiraət, səhnə danışığı siniflərinin açılması ilə bağlı təkliflər təqdim edildi.

İclasda çıxış edən Əbülfəs Qarayev musiqi və incəsənət məktəblərinin qarşısında duran məsələlərdən danışdı, Mərkəzi İncəsənət Məktəbinin yeni fikir və yanaşmalar nümayiş etdirən təhsil ocağı olduğunun bildirdi. Vurğulandı ki, ölkəmizdə fəaliyyət göstərən bütün musiqi və incəsənət məktəbləri bu yenilikləri tətbiq etməyə açıq olmalı, müasir tələblərə cavab verən üsullardan istifadə etməlidirlər.

Nazir qeyd etdi ki, növbəti tədris ilində bir sıra məktəblərdə müasir təhsil proqramı həyata keçiriləcək: “Klassiklik və ənənə, müasirlik anlayışlı məktəblərdəki bütün sahələri əhatə etməlidir. Musiqi təhsili sahəsində cəmiyyətin tələbatını ödəyə bilən sistem qurulmalıdır. Bakıda və regionlarda fəaliyyət göstərən musiqi məktəbləri bu yeniliklərə dəstək verməli, tədrisi innovativ üsullarla həyata keçirməlidirlər. Bu gün gənc nəslin estetik tərbiyəsinin formalaşmasında, ciddi musiqi və sənət anlamında zövqlərinin düzgün istiqamətləndirilməsində yeni düşüncə oyada biləcək fəaliyyət qurulmalı və bu təcrübə həm paytaxt, həm də region məktəbləri arasında yayılmalıdır. Musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir. Sabahın musiqiçiləri bu gün yetişməlidir və musiqimizin gələcəyi onların təhsilindən asılıdır. Gənc nəslin musiqi zövqünün düzgün istiqamətləndirilməsi, onların gələcəkdə musiqi mədəniyyətimizə töhfə verməsi üçün müasir və yeni düşüncəli pedaqoqlara ehtiyac var”.

Bildirildi ki, bu gün qarşıda duran əsas məqsədlərdən biri musiqimizin keşiyində durmaq, onu yad meyllərdən qorumaqdır. Bu iş ilk növbədə musiqi və incəsənət məktəblərinin öhdəsinə düşür. Musiqi təhsili sahəsində çalışan mütəxəssislər öz işlərini düzgün və yaradıcı qurmalı, bütün səy və bacarıqlarını ortaya qoymalıdırlar.

Daha sonra iclas təhsilin təkmilləşdirilməsi və optimallaşdırılması ilə bağlı müzakirələrlə davam etdi. Əbülfəs Qarayev musiqi və incəsənət məktəblərinin rəhbərlərinə növbəti tədris ili ilə bağlı öz göstəriş və tövsiyələrini diqqətə çatdırdı.

İclasda həmçinin məktəb direktorlarının təklifləri dinlənildi. Nazir bir sıra təkliflərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlər verdi.

 

Вся лента