Azərbaycanın ilk dəfə qoşulduğu “ClimateLaunchpad 2017”-nin dünya finalında ölkəmizi təmsil edən komanda ən uğurlu 15 startapdan biri seçilib

17:16 - 26.10.2017


Ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının əsas tərəfdaşlığı ilə həyata keçirilən dünyanın ən böyük "Yaşıl" biznes ideya müsabiqəsi "ClimateLaunchpad 2017"-nin qalibləri dünya finalında iştirak ediblər.

17-18 oktyabrda Kiprin Limasol şəhərində keçirilən finalda ölkəmizi 3 komanda təmsil edib. “ClimateLaunchpad 2017”-nin ölkə finalında qalib olan 3 komanda - "Catalyser", "Sh2ower" və "Emwaes" Azərbaycanı dünyanın “cleantech” xəritəsinə çıxarmaq üçün beynəlxalq finalda yarışıblar. Dünya finalında uğurla iştirak edən komandalarımızdan “Catalyser” layihəsini - “CO2”-ni “Eco Fuels”-a səmərəli çevirmək (karbon dioksidi ekoloji yanacağa) təqdim edib. Ölkə finalında birinciliyi qazanan “Catalyser” dünya finalında 35 ölkədən 105 startap arasında ilk 15-ci sıraya daxil olaraq qaliblər sırasına qoşulub. Azərbaycanın ilk dəfə qoşulduğu və dünyada artıq 4-cü dəfədir keçirilən ClimateLaunchpad müsabiqəsinin ölkəmizdəki  rəsmi tərəfdaşı “Social Innovation Lab”dır. Yarandığı dövrdən dünyada mövcud innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə dəstək verən AMEA Yüksək Texnologiyalar Parkı proqramın “qızıl sponsoru” – əsas tərəfdaşıdır. Müsabiqənin  “Bürünc sponsoru” isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir.

Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar  təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırıb və vacib biznes biliklərini layihələri üzərində tətbiq ediblər. Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat ediblər. Azərbaycanı 14 startap komandadan finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən yarışmada bu il dünyanın 37 ölkəsi iştirak edib.

 


Вся лента