Nazir Seyid Abbas Salehi: İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir

14:37 - 28.06.2018


28 iyun, Fineko/abc.az.  İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir. Tarixboyu Azərbaycan və İran xalqları yaxın münasibətdə olublar. Biz həmişə bir-birimizi dəstəkləmişik. Adətən Mədəniyyət Günləri xalqların bir-birini yaxından tanıması üçün keçirilir. Azərbaycanın İranda və İranın Azərbaycanda Mədəniyyət Günləri keçirməsinin məqsədi isə bizim mədəniyyətimizin bir-birinə nə qədər yaxın olduğunu göstərməkdir.

Bu fikirləri Azərbaycanda İran Mədəniyyət Günlərinin açılışına həsr edilmiş mətbuat konfransında İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi deyib.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev də Azərbaycan və İran xalqlarının yaxınlığını qeyd edib. “Belə tədbirlər sayəsində ölkələrimiz daha da yaxınlaşır və biz bütün sahələrdə əməkdaşlığın yeni yollarını tapa bilirik”, - deyə o bildirib.

Nazir vurğulayıb ki, İran Mədəniyyət Günlərinin açılışı ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm hadisədir. Bir həftə davam edəcək tədbirlər çərçivəsində Bakıda və Gəncədə müxtəlif proqramlar təşkil olunacaq.

Sonra İran Mədəniyyət Günləri çərçivəsində mədəniyyət və incəsənət sərgisinin açılışı olub.

Qonaqlar sərgidə nümayiş etdirilən İran mədəniyyətinə aid nümunələrlə tanış olublar.

 

Вся лента