Dövlət Miqrasiya Xidmətinin rəisi Caspian European Clubun nümayəndə heyəti ilə görüşüb

22:00 - 28.06.2018


28 iyun, Fineko/abc.az. Dövlət Miqrasiya Xidmətinin rəisi  Vüsal Hüseynov sıralarında dünyanın 70 ölkəsinin beş mindən artıq şirkət və qurumunu birləşdirən regional təşkilat olan Caspian European Clubun nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi işgüzar dairələrin təmsilçiləri ilə fikir mübadiləsi aparmaq və miqrasiya ilə bağlı təkliflərini dinləməkdi.

V.Hüseynov təşkilatın təmsilçiləri ilə Dövlət Miqrasiya Xidməti arasında keçirilən görüşlərdə, biznes forumlarda səmərəli müzakirələrin aparıldığını və əməkdaşlıq əlaqələrinin formalaşdığını vurğulayıb. Biznes mühitinin inkişafına  dəstək olmaq DMX-nin prioritetlərindən biridir deyən Xidmət rəisi əlavə edib ki, ölkəmizdə biznes və investisiya mühitinin  yaxşılaşdırılması üçün islahatların aparılması baxımından verilmiş təkliflər ətraflı təhlil olunur və nəzərə alınır. Bu baxımdan Caspian European Clubun təkliflərinin öyrənilməsi də önəm daşıyır və fikir mübadiləsi aparmaq baxımından bu günkü görüşün çox böyük əhəmiyyəti var. Bildirib ki, turizm sektorunda yüksəliş dövrünü yaşayan ölkəmizdə turistlərə viza tələbləri mütəmadi olaraq  sadələşdirilir.V.Hüseynov ölkəmizdə bu sektorun inkişafı üçün həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi, əcnəbilərin rahatlıqlarının və miqrasiya ilə bağlı şəffaflığın təmin edilməsi baxımından qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə görülən işlərə də toxunub.

Caspian European Clubun üzvləri qarşılıqlı fəaliyyət və səmərəli müzakirələr barədə təkliflərini səsləndirib, qurumun baş icraçı direktoru Telman Əliyev və başqaları səmimi görüşə görə minnətdarlıq ediblər.

Вся лента