Azərbaycanda yeni fiskal qaydalar və pul bazarının inkişaf proqramı hazırlanacaq

10:28 - 27.10.2017


Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.İclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik etmişdir.

Şura katibliyinin məlumatında deyildiyi kimi, iclas gedişatında ölkədə makroiqtisadi vəziyyət haqqında hesabat təqdim edilmiş, habelə 2017-ci ildə və qısamüddətli perspektivdə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi üzrə tədbirlər planının icrası prosesi müzakirə edilmişdir.

“Həmçinin iclasda, tədbirlər planına uyğun olaraq hazırlanmış “Fiskal qaydalar”, “Dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiya”, “Pul bazarının inkişafı proqramı”, həmçinin 2018-ci ildə makroiqtisadi sabitlik çərçivəsi müzakirə edilmişdir”, - məlumatda belə deyilir.   

Məlumatda həmçinin qeyd edilir ki, iclas gedişatında  ilin qalan dövründə də makroiqtisadi sabitliyin qorunmasının və maliyyə sabitliyinin təmin edilməsi tədbirlərinin davam etdirilməsi, inflyasiyanın azalmasına nail olmaq üçün çevik və əlaqələndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsi qeyd olunmuşdur. Həmçinin, iqtisadi artımın daha da sürətləndirilməsi üçün struktur və institutsional sahədə islahatların dərinləşdirilməsinin mühümlüyü də vurğulanmışdır.

 

Вся лента