Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşıb

14:13 - 30.06.2018


30 iyun, Fineko/abc.az.  7 km uzunluğa malik Cəfərli  avtomobil yolu  qara örtüklü olmaqla III texniki dərəcəli idi. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş  örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi. Məhz yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılmışdı.

Layihəyə uyğun olaraq yolun qara qırmadaş  örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq Cəfərli yoluna 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kv.m sahədə aparılıb.

Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb. Bundan başqa yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 ədəd müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb. Təbii ki, yol boyu yaşayan vətəndaşların öz pay torpaqlarında yetişdirdikləri məhsulları suvarmaq üçün yol altında salınan boruların əhəmiyyəti böyükdür.

Bundan başqa layihə çərçivəsində yolun 1-ci km-də yerləşən və uzunluğu 8 m, eni 7 m olan, həmçinin yolun 2-ci km-də yerləşən uzunluğu 36 m, eni isə 5 m  olan 1 aşırımlı dəmir-beton körpülərin məhəccərləri istismara yaramadığı üçün yenisi ilə əvəz olunub, 44 ədəd yeni yol nişanı, 300 ədəd siqnal dirəkləri quraşdırılıb və 21 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkilib.

Görülən işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verib, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradıb. Ümumilikdə 5 minə yaxın vətəndaşın sosial rifah halına müsbət təsir  göstərən yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında qısa müddətdə və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

Вся лента