İlham Əliyev: Metroda generatorların yoxluğu acınacaqlı faktdır

12:38 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev enerji sistemindəki vəziyyətlə bağlı müşavirə keçirib.

İclasda çıxış edən “Bakı Metropoliteni” QSC-in sədri Zaur Hüseynov bildirib ki, iyulun 2-də gərginlik itəndən sonra hərəkətdə olan 18 sərnişin qatarının hərəkəti dayandı. Təqribən saat yarımdan sonra əsaslı su xaric qurğularında suyun səviyyəsi qalxdı. Metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında səviyyə kritik həddə çatmışdı.

“Akkumulyatorlardan qidalanan qəza işıqları qoşuldu. Stansiyalarda və tunellərdə dayanan qatarlardan sərnişinlər təxliyə olundu. Ümumilikdə 154 nəfər sərnişin çıxarıldı. Xəsarət alan olmadı. Vəziyyətdən çıxmaq üçün “Nizami” və “Nəsimi” stansiyalarındakı su xaric qurğularından su öz axını ilə nisbətən az debiti olan su xaric qurğularına istiqamətləndirildi. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. Bu gün iyulun 4-də saat 13:10-da metropolitenin xətləri və stansiyaları yenidən sərnişindaşıma fəaliyyətinə başladı”, - Z.Hüseynov belə deyib.

Prezident İlham Əliyev, iclası yekunlaşdıraraq qeyd edib ki, metropolitenə gəlincə, onda olan məlumata görə, metroda generatorlar ümumiyyətlə yoxdur.

“Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”, - deyə dövlət başçısı tapşırıq verib.

 

Вся лента