Azərbaycanda bütün enerji təsərrüfatının yoxlanması aparılır

13:06 - 10.07.2018


10 iyul, Fineko/abc.az. Bakıda və ölkənin regionlarında yeni enerji yarımstansiyaları tikiləcək. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki,  Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var.

“Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb”, - İ.Əliyev belə deyib.

Onun sözlərinə görə, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, təkliflər veriləcək.

“Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun”, - dövlət başçısı belə deyib.

 

Вся лента