Yanvar-iyun aylarında Azərbaycanın Dövlət Büdcəsi artıqlıqla icra olunub

15:49 - 10.07.2018


10 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 9,821,6 milyard manat, xərcləri 9524,3 milyon manat təşkil edib ki, bunun nəticəsində dövlət büdcəsinin artıqlığı 297,3 milyon manat səviyyəsində formalaşıb.

Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrası ilə bağlı operativ məlumatlara görə, 2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz və yaxud 2096,8 mln. manat çoxdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3382,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 30,0 mln. manat çoxdur. Bunun  65,8 faizi və yaxud 2226,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 1619,0 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz və yaxud 447,8 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 178,9 mln. manat təşkil etmişdir.Sair daxilolmalar üzrə büdcəyə 33,1 mln. manat vəsait daxil olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 4608,0 mln. manat vəsait transfert edilmişdir.

2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5258,2 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1125,1 mln. manat və ya 27,2 faiz çoxdur.

Yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 9524,3 mln. manat icra olunmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz və ya 1330,6 mln. manat çoxdur.

Dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 3625,7 mln. manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz və ya 125,7 mln. manat çoxdur.

2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 4948,8 mln. manatı və ya 51,9 faizi cari xərclərə, 3596,3 mln. manatı və ya 37,8 faizi əsaslı xərclərə, 979,2 mln. manatı və ya 10,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5116,3 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 835,3 mln. manat və ya 19,5 faiz çoxdur.

İcmal büdcənin gəlirləri 15100,2 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3492,1 mln. manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 10843,0 mln. manat icra olunmuş və bunun nəticəsində icmal büdcədə 4257,2 mln. manat artıqlıq (profisit) yaranmışdır.

 

 

Вся лента