Zədələyici günəş şüalarından qorunmağa çalışarkən nələri düzgün etmirik?

12:00 - 11.07.2018


11 iyul, Fineko/abc.az.  Günəş şüaları sağlamlığımız və immunitetimiz üçün mühüm rola malikdir. Lakin günəş şüaları altında uzun müddət qalmaq, günəşin zədələyici faktorlarından qorunmamaq bir çox ciddi fəsadlara səbəb ola bilər. Dəri yanıqları, piqment ləkələri, qabıqlanma, melanoma və digər dəri xərçəngi növləri dərinin düzgün müdafiə olunmaması səbəbindən yaranır.

Zədələyici günəş şüalarından qorunmağa çalışarkən nələri düzgün etmirik?

1. Günəşdən qoruyucu kremi çimərlikdə olarkən istifadə edirik.

Ən böyük səhv budur. Orta hesabla günəşdən qoruyucu kremin dərimizə hopması və qoruyucu effekt göstərməsi üçün ən az 30 dəq vaxt tələb olunur.

Bəs nə etməli? Evdən və ya oteldən çıxmamışdan 20-30 dəq əvvəl güzgü qarşısına keçərək kremi bütün bədəninizə vurun, daha sonra küçəyə çıxa bilərsiniz.

2. Krem seçiminə laqeyd yanaşmaq.

Hər dəri tipi üçün krem seçimi fərqli olmalıdır. Belə ki, həssas və allergiyaya meyilli dəri tipi olanlar, uşaqlar və hamilələr üçün dəridə qoruyucu baryer yarada bilən kremlər istifadə edilməlidir.

Sızanaqlara meyilli şəxslər su əsaslı kremlərdən istifadə etməlidirlər. Çünki yağ əsaslı kremlər belə şəxslərdə sızanaqların artmasına səbəb ola bilir.

Quru dəri tipi olan şəxslər krem şəkilli vasitə seçməlidirlər ki, eyni vaxtda dərilərinin nəmlənməsi də baş versin.

Piqment ləkələrinə meyilli şəxslər isə dermokosmetoloji SPF50-dən yüksək qorumaya malik vasitələrə üstünlük verməlidirlər.

Uzun müddət üzməyi sevən, açıq havada idman etməyi üstün tutan şəxslər və çox tərləyən şəxslər isə suya davamlı günəşdən qoruyucu kremlər istifadə etməlidirlər. Belə vasitələr qoruyucu effektini hətta suda qaldıqdan 40-80 dəq sonra da saxlayır.

3. Qoruyucu vasitədən yetərli qədər istifadə etməmək.

Səhərlər qoruyucu kremdən istifadə edərsək gün ərzində qorunmuş olarıq fikri tam yanlışdır. Qızmar yay günlərində hər 2 saatdan bir kremdən istifadə edilməlidir. Hovuz və ya dənizdə üzürüksə daha tez təkrarlamaq lazımdır.

4. Gözlər və dodaqlar üçün qoruyucu vasitələrin istifadə edilməməsi.

Dodaqlarımızın qoruyucu gücü dəridən zəifdir və mütləq dodaq balzamı istifadə edilməlidir. Göz ətrafı dəri üçün isə yüksək qoruma faktoru olan qatı qoruyucu vasitələr istifadə edilməlidir. Həmçinin gün eynəklərinin istifadəsi mütləqdir.

5. Topuq, qoltuqaltı, boyun və qulaq nahiyyəsinə qoruyucu krem vurmamaq.

Xüsusilə boyun nahiyyəsinə yetərincə krem vurmamaq boyun dərisinin erkən qocalmasına səbəb olur. "

6. İstifadəyə yararsız kremlərdən istifadə.

Doğrudur, kremlərin yararlılıq müddəti 3 ildir. Lakin, açıldıqdan sonra yalnız 1 il müddətində istifadə edilə bilər. Həmçinin bu vasitələri açıq və isti yerdə saxlamayın. Yüksək temperatur da kremlərin qoruyucu təsirini azalda bilər

7. Evdə və ya avtomobildə olarkən qoruyucu kremdən istifadə etməmək.

Ultrabənövşəyi A şüaları şüşə və pərdələrdən keçərək dərinin qocalmasına və dəri xərçənginə səbəb ola bilər. Belə halda SPF 15 olan vasitələrdən istifadə yetərli müdafiəni təmin edəcəkdir.

8. Kölgədə olarkən kremdən istifadə etməmək.

Hətta çətir altında olsaq və birbaşa günəş şüaları üzərimizə düşməsə belə 34% şüanı biz qumdan, hovuz kənarından qəbul edirik.

9. Dərini “qarltmaq” istərkən qoruyucu kremdən istifadə etməmək.

Solyari və ya çimərlikdə qaralarkən yanıqlar və zərərli UBŞ-ın təsirindən qorunmaq üçün mütləq qoruyucu krem istifadə edilməlidir.

10. Bədən üçün olan qoruyucu kremdən üzə vurmaq.

Üz üçün nəzərdə tutulmuş qoruyucu kremlər qıcıqlanma və sızanaqların yaranmasına imkan vermir. Əgər dəriniz allergiya və ya sızanaqlara meyillidirsə bədən üçün kremdən üzdə istifadə etmək olmaz.  Həmçinin tərkibində spirt olan spreylərdən istifadə də dərinin qurumasına, ekzemaya səbə ola bilər. Əgər dəriniz yağlıdırsa lasyon istifadə edin.

Вся лента