İlham Əliyev: Qanlı cinayəti törədənlər cəzalandırılacaq

13.07.2018,17:13


13 iyul, Fineko/abc.az. Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iclası keçirilib.

İclas zamanı dövlət başçısı deyib ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak oldu. Yaralananlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. “Bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək”, - dövlət başçısı belə deyib.

Onun sözlərinə görə, bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar.

“Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz”, - deyə dövlət başçısı vurğuladı.

 

Ключевые слова: İlham Əliyev terror