Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib

17:10 - 17.07.2018


 

17 iyul, Fineko/abc.az. İyulun 12-13-də Avstriyanın Avropa İttifaqında (Aİ) sədrliyi çərçivəsində İnsbruk şəhərində Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşləri keçirilib.

İclaslarda ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə daxili işlər nazirinin müavini İsmət Əliyev də daxil olunub.

İlk öncə, bütün Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin iştirakı ilə birgə tədbir keçirilib, aktual mövzular üzrə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Şərq Tərəfdaşlığı dövlətləri, Aİ-nin Şurasında ardıcıl sədrlik edən ölkələrin (Estoniya, Bolqarıstan, Avstriya və Rumıniya) nazirlərinin, habelə Aİ-nin yüksək rəsmilərinin iştirakı ilə ayrıca birgə görüş təşkil olunub.

Görüşdə “Qanunun aliliyinin təşviqi və dürüstlüyünün stimullaşdırılması: məhkəmə və təhlükəsizlik orqanlarında korrupsiyaya qarşı mübarizə” mövzusunda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirlərini, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və bütün layihələrin antikorrupsiya ekspertizasından keçirilməsini, məhkəmə sisteminin islahatını, o cümlədən hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimini vurğulayıb. Eyni zamanda, getdikcə səlahiyyətləri genişlənən Məhkəmə-Hüquq Şurasının səmərəli fəaliyyəti, o cümlədən korrupsiyanın qarşısının alınması üzrə tədbirləri, məhkəmə infrastrukturunun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi barədə məlumat verilib. Həmçinin, Azərbaycan brendi olan ASAN xidmətin yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti, antikorrupsiya treninqləri, o cümlədən ölkəmizin Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə səmərəli əməkdaşlığı vurğulanıb.

Görüş iştirakçıları tərəfindən bu məlumatlar böyük maraqla qarşılanaraq təqdir edilib.

Səfər zamanı Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirləri ilə işçi görüşlər keçirilərək fikir və təcrübə mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Вся лента