Aqrar sahədə kadrların hazırlanmasında AMEA-nın institutları mühüm rol oynaya bilər

16:34 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və akademiyanın Yüksək Texnologiyalar Parkının direktor müavini Elxan Bayramov ilə görüş keçirilib.

Görüşdə akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlarla Kənd Təsərrüfatı Nazirliyi arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən nazirliyə təqdim olunan “Aqrar elmin inkişafı strategiyası” layihəsinin icrasına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, aqrar sahədəki kadr çatışmazlığının aradan qaldırılmasında AMEA-nın institutları mühüm rol oynaya bilər. Bu baxımdan elmi kadr potensialının artırılması, birgə konfransların təşkili, tədqiqatların əlaqələndirilməsi və digər prioritet istiqamətlərdə qurumlar arasında əlaqələrin gücləndirilməsi zəruridir.

Görüşdə ölkəmizdə icra olunan seleksiya üzrə layihələrin beynəlxalq proqramlara istinad edilməklə yenidən hazırlanmasına ehtiyac duyulduğu vurğulanıb. Qeyd olunub ki, nazirlikdə hazırlanan “Aqrar elm və təhsil üzrə Dövlət Proqramı”nın ərsəyə gəlməsində alimlərin iştirakı vacibdir. Bundan başqa, 2019-cu ildə Bakıda AMEA Yüksək Texnologiyalar Parkı və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə seleksiya üzrə beynəlxalq elmi konfransın təşkilinə dair müzakirələr aparılıb.

Ölkəmizdə əhalinin ərzaq təhlükəsizliyinin təmini, aqrar sektorun elmi əsaslarla inkişafı, alimlərin bilavasitə əkinçiliklə məşğul olan fermerlərlə təması, müntəzəm elmi monitorinqlərin aparılması, qida zəncirinin hər bir mərhələsində elmi yanaşmanın vacibliyi nəzərə alınaraq, AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında memorandumun imzalanması və gələcək əlaqələrin etibarlılığının təmin olunması üçün hər üç qurumdan əlaqələndiricinin təyin edilməsi qərara alınıb.

Вся лента