İlham Əliyev: Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla həyata keçirilir

19.07.2018,11:26


19 iyul, Fineko/abc.az. İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

Açılış  mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İtaliyanın “Maire Tecnimont” şirkəti bütün tikinti işlərini yüksək səviyyədə yerinə yetirdi.

“Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır”, - deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, zavodda 500-dən çox iş yeri yaradılacaq.

“Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Bu zavodun və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsindən sonra bizim sənaye potensialımız daha da artacaqdır”, - İlham Əliyev belə deyib.