Donald Tusk: Gürcüstan demokratiya və iqtisadiyyatın inkişafında çox nailiyyətlər əldə edib

16:59 - 19.07.2018


19 iyul, Fineko/abc.az. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk son on il ərzində Gürcüstanın demokratik inkişafında irəliləyiş olduğunu bildirib. Bunu, İnterfaks bildirib.

“Gürcüstan-Rusiya müharibəsinin 10-cu ildönümü fonunda vurğulamaq istəyirəm ki,  Avropa İttifaqı Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. Qeyd edək ki, bu on il ərzində Gürcüstan demokratik inkişaf və iqtisadi quruculuq yolunda çox nailiyyətlər əldə etmişdir”, - bunu D.Tusk cümə axşamı günü Brüsseldə Gürcüstanın  Baş naziri Mamuka Baxtadze ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanı dəstəkləməyə davam edəcək və münaqişələrin sülh yolu ilə həllində kömək edəcək.

M.Baxtadze öz növbəsində qeyd edib ki, onun Brüsselə ilk beynəlxalq səfəri “olduqca məntiqi”dir, çünki Gürcüstan Avropa İttifaqına daha da yaxınlaşmaq niyyətindədir.

“Avropa İttifaqı artıq Gürcüstan üçün ən böyük ticarət tərəfdaşı oldu və Aİ ölkələri ilə vizasız rejim isə bizim vətəndaşlarımıza böyük fayda gətirdi”, - deyə M. Baxtadze bildirib.

Ötən gün M.Baxtadze NATO-nun baş katibi Yens Stoltenberq ilə Brüsseldə görüşmüşdür.

 

Вся лента