Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edən müvəkkil bankların sayı 10-a çatmışdır

11:21 - 23.07.2018


23 iyul, Fineko/abc.az. Sahibkarların, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə respublikada fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq edilməsi tədbirləri davam etdirilir.  

Artıq zəmanət və subsidiya verilməsi üzrə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə müvəkkil qismində əməkdaşlığa daha 2 bank cəlb olunmuş, bununla da müvəkkil bankların sayı 10-a çatmışdır. Beləliklə, hazırda “Paşa Bank” ASC, "Kapital Bank" ASC, “Azərbaycan Sənaye Bankı” ASC, "Ziraat Bank Azərbaycan" ASC, "TuranBank" ASC, "NBCBank" ASC, "Expressbank" ASC, "Muğanbank" ASC, “Rabitəbank” ASC və “UNİBANK Kommersiya Bankı” ASC sahibkarlara xidmət göstərən müvəkkil banklardır.

 Azərbaycan Respublikasının ərazisində qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar zəmanət və subsidiya məhsullarından istifadə etmək məqsədilə yuxarıda adı çəkilən müvəkkil banklara kredit sifarişi ilə müraciət edə bilərlər. Müvəkkil banklar tərəfindən sahibkarların müraciətlərinə obyektiv baxılması və bu mexanizm barədə lazımi informasiyanın verilməsi təmin ediləcəkdir.

Eyni zamanda, sahibkarlar zəmanət və subsidiya verilməsi Qaydaları, tələb olunan sənədlər və digər zəruri şərtlər barədə məlumatları daha ətraflı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən də əldə edə bilərlər (www.mcgf.az).

Fond tərəfindən ölkənin kredit bazarına mövcud iqtisadi şərtlər şəratində yeni məhsulların təklif edilməsi, müvəkkil banklar və sahibkarlar arasında risklərin bölüşdürülməsi prinsipləri əsasında kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını genişləndirəcək və maliyyə bazarının canlanması fonunda iqtisadi aktivliyi yüksəldəcəkdir.

Sahibkarların yeni alətlərdən istifadəsi real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığı inkişaf etdirəcək, maliyyə risklərinin bölünməsi mexanizminin tətbiq olunması isə bankların qeyri-neft sektoruna maliyyə axınının gücləndirilməsinə zəmin yaradacaqdır.

Вся лента