“SOCAR Polymer” zavodlarının gəlirləri 6,3 milyard dollar səviyyəsində gözlənilir

15:13 - 23.07.2018


23 iyul, Fineko/abc.az. “SOCAR Polymer” zavodlarının istismarı müddətində gəlirlərin məbləği 6,3 milyard dollar səviyyəsində gözlənilir, bu məbləğin 30%-i şirkətin xalis mənfəətini təşkil edəcək.

“SOCAR Polymer” şirkətindən verilən məlumata əsasən, ilkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” MMC-nin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının istismarı müddətində 400 mln. ABŞ dolları mənfəət vergisi, 460 mln. dollar isə ƏDV şəklində dövlət büdcəsinə köçürüləcək.

“SOCAR Polymer” zavodlarında 19 markada polipropilen, 12 növdə yüksək sıxlıqlı polietilen məhsulu istehsal ediləcək.

İldə 184 min ton polipropilen, 120 min ton yüksək sıxlıqlı polietilen istehsal olunacaq.

“SOCAR Polymer” zavodları yerli bazarın tələbatını tam həcmdə qarşılayacaq və məhsulun 75%-i Türkiyə və Avropa bazarlarına ixrac ediləcək.

Qeyd edilib ki, tikinti işlərinin pik dövründə inşaata 3 min nəfərdən çox işçi cəlb edilib. Bu günədək tikinti meydançalarında istehsal zədələri və ya qəzalar olmadan 17 mln. adam-saatdan artıq iş görülüb.

“SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb.

Polipropilen zavodunun açılışı iyulun18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub.

Yüksək Sıxlıqlı Polietilen zavodunun isə bu ilin IV rübündə istismara verilməsi gözlənilir.

 

Вся лента