Ekologiya və Təbii Sərvətlər Nazirliyi 21 ədəd ağacın məhv edilməsinin qarşısını alıb

17:40 - 23.07.2018


23 iyul, Fineko/abc.az. 23 iyul 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən yaşıllıq sahədə müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələrinə uyğun olaraq maddənin ağacların bioloji inkişafına təsiri müəyyən ediləcək və qabaqlayıcı tədbirlər görüləcək.

Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş”  verilib.

Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə müraciət olunub.

Вся лента