Daha bir qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb

16:15 - 24.07.2018


24 iyul, Fineko/abc.az. İyulun 24-də Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında bu rayondakı qəzalı, həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində tam təmirli yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

Püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin miqyasından və əhəmiyyətindən danışılıb. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün yaradılmış şəraitdən söhbət açılıb, həmçinin püşkatmanın məqsədi və şərtləri barədə məlumat verilib.

Qeyd olunub ki, ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə baxılıb və 4 min ailənin köçürülməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Bundan az sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində “Qobu Park” yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və burada tikinti işləri qısa müddətdə başa çatdırılıb. Bakıda qəzalı, ən ağır vəziyyətdə olan binalarda, xüsusən, zirzəmilərdə müvəqqəti məskunlaşan köçkün ailələrinin bu il iyulun 9-dan həmin kompleksdə yerləşdirilməsinə başlanılıb.

Nərimanov rayonundakı “Mayakovski, 8/9, 10” və “Ziya Bünyadov, 30” ünvanlarında yataqxanalarda yaşayan və püşkatma mərasimində iştirak edən 132 məcburi köçkün ailəsinin də həmin qəsəbəyə köçürüləcəyi bildirilib.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, “Qobu Park” yaşayış kompleksində, əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Püşkatma mərasimində iştirak edən məcburi köçkünlərdən Kamil Hacıyev (Füzuli rayonu), Mürşüd Səfərov (Zəngilan rayonu), Həqiqət Teymurova (Ağdam rayonu) və başqaları onlara göstərilən xüsusi dövlət qayğısını yüksək dəyərləndirərək, zəruri infrastrukturla təchiz edilmiş, tam təmirli yeni mənzillərə köçürüldükləri üçün hədsiz sevinc hissi keçirdiklərini bildirib, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Вся лента