Alternativ və bərpaolunan enerji mənbələrində 105 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

12:53 - 25.07.2018


25 iyul, Fineko/abc.az. Fineko/abc.az Azərtac-a istinadən xəbər verir ki, bu ilin altı ayında muxtar respublikanın Dövlət Energetika Xidmətinin tabeliyində olan elektrik stansiyalarında 195 milyon 675 min 789 kilovat-saat elektrik enerjisi istehsal edilib. Alternativ və bərpaolunan enerji mənbələrində 105 milyon 216 min 700 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu da bütün stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,77 faizini təşkil edir.

Bu faktlar muxtar respublikanın Dövlət Energetika Xidmətində keçirilmiş kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev tərəfindən səsləndirilib.

Namiq Paşayev qeyd edib ki, 2018-ci ilin birinci yarısında muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılıb. Belə ki, layihə gücü 36 meqavat olacaq Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilib, layihə gücü 14 meqavat olacaq Tivi Su Elektrik və 3,5 meqavat gücündə Qazançı Su Elektrik stansiyalarının texniki-iqtisadi əsaslandırılması və layihələri hazırlanıb. Culfa rayonu ərazisində külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün lazımi işlər aparılıb. Bundan əlavə, Ordubad su və Naxçıvan modul elektrik stansiyaları arasında 75 kilometr uzunluğunda birdövrəli 110 kilovoltluq və “Araz” SES və Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında 50 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq elektrik xəttinin tikintisinin aparılmasının zəruriliyi diqqət mərkəzində saxlanılıb. Babək rayonu ərazisində 35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyasının tam yenidən qurulması və Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının tikintisi davam etdirilib.

“2018-ci ilin altı ayı ərzində tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib” – deyən Namiq Paşayev vurğulayıb ki, muxtar respublikada bütün abonentlərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub. Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Son altı ayda 710 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 21 min 475-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.

 

Вся лента