Qax rayonunda "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi

15:25 - 25.07.2018


25 iyul, Fineko/abc.az.  18-20 iyul tarixlərində IDEA İctimai Birliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" proqramı çərçivəsində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi keçirilib. Düşərgədə Qax rayonunun Qum, İlisu, Almalı, Cəlayir, Tasmalı, Ləkit, Turaclı və digər kəndlərindən yuxarı sinif şagirdləri qatılıb.

Ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgə müddətində iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, müxtəlif ekoloji tədqiqatlarda, breyn-rinq və müsabiqələrdə iştirak edib, İqor Bışnyovun rejissorluğu ilə çəkilən “Azərbaycan. Ceyranların xilası" adlı sənədli filmi izləyiblər.

Düşərgə müddətində məktəblilərin 2006-cı ildə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən mühafizə edilən "Mamırlı" şəlaləsi adı ilə tanınan Ləkit şəlaləsinə ekskursiyası təşkil edilib. Düşərgə iştirakçıları ilisu dövlət Təbiət Qoruğunun ərazisində Qum kəndinin yaxınlığındakı meşədə və Ərdəva çayında ekoloji tədqiqatlar aparıblar. Düşərgənin yekununda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

"Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanan və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycanda və Gürcüstanda tarixən məskunlaşdıqları ərazilərə reintrodiksiya edilib və onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir. Proqram ceyranların sayının artırılması və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil olunan bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu sahədə uğurlu fəaliyyətin nəticəsində hazırda Azərbaycan Respublikasında ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib.

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil olunur. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, İsmayıllı, Qax rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak edib.

Вся лента