Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirilmişdir

15:36 - 25.07.2018


Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar cari ilin birinci yarısında əsas hədəf qruplardan olan tələbə-gənclər üçün bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir.

Bu müddət ərzində Mərkəzi Bankda Azərbaydan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin bank işi və maliyyə üzrə bakalavr və magistr pilləsində təhsil alan bir qrup tələbəsinə maarifləndirici seminarlar keçirilmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün iki mərhələdən ibarət “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər də təşkil olunmuşdur. Bu təlimlərdə iştirakçılara istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər, əmanətlərin sığortalanması, sığorta fəaliyyətinin əsasları, kredit işinin təşkili və bank əməliyyatları mövzuları Mərkəzi Bankın əməkdaşları, Əmanətlərin Sığortalanması Fondunun, bank və sığorta təşkilatlarının nümayəndələri tərəfindən tədris edilmişdir.

Əlavə olaraq, Mərkəzi Bank Maliyyə Elm-Tədris Mərkəzi ilə birgə “Gənclər üçün Maliyyə Savadlılığı” adlı təlimlər təşkil etmişdir. Bu təlimlər zamanı tələbə və gənclərə Maliyyə savadlılığı portalı (www.bizimpullar.az), virtual təhsil platforması (edu.cbar.az) haqqında ətraflı məlumat verilmiş, pul nişanlarının təhlükəsizlik elementləri və saxtakarlığına qarşı mübarizə, ailə mühasibatlığı, sığorta və qiymətli kağızlar mövzuları izah olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Həmçinin, təlimlərə qoşulmuş Azərbaycan Kredit Bürosunun nümayəndələri təlim iştirakçılarına Büronun fəaliyyətinə dair təqdimat keçirmişdir.

Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində tələbə-gənclər üçün bu səpkili təlim və seminarları, o cümlədən əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcəkdir.

 

Вся лента