“Azərsu” ilin sonuna kimi Bakının və Abşeronun su və kanalizasiya sistemlərinin yenidən qurulması üçün tikinti işlərini bitirəcək

16:10 - 31.10.2017


Azərbaycanın milli su operatoru “Azərsu” ASC Bakının şəhərətrafı qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə layihələrin həyata keçirilməsini davam etdirir. 

ASC-nin məlumatında deyildiyi kimi, dövlət başçısının Bakıda və Abşeronda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə  əlavə tədbirlər haqqında sərəncamına əsasən, 10 yaşayış məntəqəsində layihələr həyata keçirilir.

Məlumatda deyilir: “Layihələr, Bakı şəhəri Binəqədi rayonunun  Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri,  Pirəkəşkül və Qobustan kəndlərində gerçəkləşdirilir. Yeddi yaşayış məntəqəsində  tikinti-quraşdırma işləri aparılır, digər üç qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaqdır”.

Həmçinin bildirilir ki, layihələr çərçivəsində  10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri inşa edilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Layihələr çərçivəsində kənd və qəsəbələrdə yeni su və kanalizasiya şəbəkələrin yaradılması nəticəsində 37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşacaq.

Ümumilikdə, layihə, 100 min nəfər sakinin su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Dövlət başçısının sərəncamına əsasən, bu layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən “Azərsu”ya  13,32 milyon manat ayrılıb.

 

Вся лента