Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq edilib

10:48 - 26.07.2018


26 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) təsdiq edilib.

AzMKÇ təhsilin bütün pillələri və səviyyələri üzrə təhsilalanların bilik, bacarıq və səriştələrini müəyyənləşdirən və təsvir edən çərçivə sənədidir. Bu sənəd ölkə daxilində kvalifikasiyaları beynəlxalq təcrübəyə uyğun sistemləşdirir, beynəlxalq mobilliyi və milli kvalifikasiya­ların xaricdə tanınmasını asanlaşdırır, ixtisasların və diplomların tanınmasına imkan yaratmaqla Azərbaycan vətəndaşlarının xaricdə təhsilinə və işləməsinə əlverişli şərait yaradır. AzMKÇ əmək bazarı ilə təhsil sistemi arasında əlaqələri gücləndirir, qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilmiş səriştələrin tanınması sisteminin yaradılmasını təşviq edir.

Sənədə əlavədə hər bir səviyyənin təsviri, yəni hər bir səviyyə üzrə tələb olunan biliklər, bacarıqlar, müstəqillik və məsuliyyət dairəsi müəyyənləşdirilib.

Sənəddə əsas məqamlardan biri təhsilin keyfiyyətinin təmin olunmasıdır. Bununla əlaqədar kvalifikasiyaların müvafiq dövlət təhsil standartlarına əsaslanması, hər bir təhsil müəssisəsində keyfiyyətin daxili təminatı və qiymətləndirilməsi sisteminin yaradılması təsbit olunub.

AzMKÇ-nin reallaşdırılması müxtəlif sektorları əhatə etdiyindən, prosesdə digər dövlət qurumları və özəl sektorun iştirakı nəzərdə tutulub.

AzMKÇ-nin təsdiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub. Təhsil Nazirliyi tərəfindən hazırlanmış sənəd hökumətə təqdim edilənə qədər Dünya Bankı, Avropa İttifaqı və Avropa Təhsil Fondunun mütəxəssisləri ilə hərtərəfli müzakirə olunub və onların rəy və təklifləri nəzərə alınıb. Ümumilikdə isə AzMKÇ Avropa Ali təhsil məkanının Kvalifikasiyalar Çərçivəsi və Ömür boyu Təlim üzrə Avropa Kvalifikasiyalar Çərçivəsi sənədlərinin müddəalarına uyğun olaraq hazırlanıb.

AzMKÇ-nin icrasına dəstək məqsədilə Təhsil Nazirliyinin Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində cari ilin fevral ayından etibarən “Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsinin həyata keçirilməsinə dəstək” texniki yardım layihəsinin icrasına başlanılıb. Layihənin həyata keçirilməsində əlaqələndirmə rolunu Təhsil Nazirliyinin Təhsil İnstututu həyata keçirməkdədir.

 

Вся лента