AMEA-da kiçik ölçülü peyklər üçün detektorların hazırlanmasına dair təqdimat olub

26.07.2018,15:41


26 iyul, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasında “Azərkosmos”ASC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) birgə görüşü keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, “Azərkosmos”ASC-nin sədri Rəşad Nəbiyev, AMEA Radiasiya Problemləri İnstitutu və Milli Aviasiya Akademiyasından nümayəndələr iştirak ediblər.

Görüşdə SETM-in 2№ li laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov kiçik ölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanmasına dair təqdimatla çıxış edib. F.Əhmədov 2015-2016-cı illərdə tərəflərindən təklif olunan quruluş əsasında Koreyanın NanoFab mərkəzində MSFD fotodiodların yeni nümunələrinin hazırlandığını deyib. Qeyd edib ki, bu fotodiodlar Yaponiyanın Hamamatsu şirkətinin son model məhsulları ilə müqayisə olunub və üstünlüyü ilə seçilib. Bir sıra xarici ölkələrin təqdiqat mərkəzləri və istehsal şirkətləri tərəfindən maraqla qarşılanıb.

Labortaoriya müdiri qeyd olunan fotodiodlar əsasında ionlaşdırıcı radiasiya detektorlarının hazırlanması zamanı zəruri hesab edilən tələbləri sadalayıb. MSFD fotodiodların tətbiq sahələri haqqında məlumat verib.

Sonra təqdimata dair müzakirə aparılıb.

Akademik İbrahim Quliyev gələcəkdə bu qəbildən məhsulların hazırlanması istiqamətində “Azərkosmos”ASC ilə birgə əməkdaşlıq imkanlarından söz açıb.

AMEA SETM-in rəhbəri Fətəli Abdullayev layihənin strateji önəmini vurğulayaraq, onun icrası ilə bağlı məsələlərin yenidən nəzərdən keçirilməsinin və əsas diqqətin layihə çərçivəsində şirkətlərlə əlaqələrin qurulmasına yönəltməyin vacibliyini qeyd edib.

Rəşad Nəbiyev qeyd olunan sahədə tədqiqatların dəstəklənməsinin zəruriliyini bildirərək bu istiqamətdə Akademiyanın təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

 

Ключевые слова: AMEA