Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib

11:16 - 27.07.2018


27 iyul, Fineko/abc.az. İyulun 26-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlər ətraflı təhlil edilib.

Məlumat verilib ki, 2018-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına dair 550-dək normativ hüquqi akt layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 960-dan çox belə akt hüquqi ekspertizadan keçirilib. Əhalinin təmənnasız istifadə etdiyi qanunvericiliyin elektron bazalarına (e-qanun.az, huquqiaktlar.gov.az) müraciət edənlərin sayı 70 faizdən çox artaraq 627 minə çatıb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi diqqətdə saxlanılıb, 6.500-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında 1,9 milyona yaxın notariat hərəkəti, habelə 151 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib və bu əməliyyatlarla bağlı 22 milyon manata yaxın dövlət rüsumu və haqq ödənilib. Həmçinin daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə notariuslar tərəfindən təxminən 25 milyon manata yaxın vergi dövlət büdcəsinə köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 % çoxdur.

Eyni zamanda, notariat kontorlarını vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli asanlaşdırmaqla vətəndaşlara daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini təmin edir. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq, bir çox dövlətlər, o cümlədən cari ildə rusiyalı notariuslar müsbət təcrübəmizdən bəhrələniblər.

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində ədliyyə sahəsində də əhaliyə səmərəli xidmətlər göstərilir, həmin mərkəzlərdə verilən sənədlərin təxminən 43 faizini bu mərkəzlərdə fəaliyyət göstərən qeydiyyat və notariat orqanlarının payına düşür.

Yüksək vətəndaş məmnunluğu doğuran "ASAN xidmət" şəbəkəsinin genişləndirilməsi nəzərə alınaraq həmin mərkəzlərdə təşkil ediləcək notariat kontorlarında, habelə bölgələrdə vakant notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə avqust ayının 1-dən etibarən sənədlərin qəbuluna başlanılacaq.

Qeyd edilib ki, ölkə başçısının tapşırıqlarına əsasən korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətləri təkmilləşdirilərək onlardan istifadənin sayı 11 faiz artaraq 2,4 milyona çatıb.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan və nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının ölkədə ümumi sayı 4.300-ə yaxındır, KİV-lərin sayı isə 5.200-dən çoxdur.

2018-ci ilin birinci yarısında nazirliyin Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 15.200-dən çox iş icra olunub, ekspertlər 618 mindən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,8%-ni həll ediblər.

Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb və nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb. Həmçinin, qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Kollegiyada bildirilib ki, dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb, cari ildə 336 vakansiya üzrə təyinatlar aparılıb, digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 226 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır.

Ədliyyə Akademiyasında 2.800-ə yaxın ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-ə yaxın aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Yarımildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Türkiyə, Əlcəzair və Serbiyanın ədliyyə nazirləri, habelə nümayəndə heyətimiz Avstriya və Latviyaya səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunub, faydalı təcrübə mübadiləsi aparılıb, müvafiq sənədlər razılaşdırılıb, o cümlədən Əlcəzair ilə ilk dövlətlərarası müqavilə, Serbiya ilə ədliyyə sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 9.500-dən çox sorğunun icrası üzrə tədbirlər görülüb.

Eyni zamanda, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb, məhkumların faydalı əməklə məşğul olmaları üçün zəruri şərait yaradılıb.

Bununla yanaşı, azadlıqdan məhrum etməyə alternativ cəzaların səmərəli icrası məqsədilə yaradılmış Probasiya xidmətinin fəaliyyəti təmin edilib, məhkumlar üzərində elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə elektron monitorinq xidməti istifadəyə verilib.

Eyni zamanda, Kollegiyada Nazirlər Kabinetinin həmin gün keçirilmiş iclasında dövlət başçısının müvafiq fərmanlarına uyğun olaraq milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası, habelə 2019-cu ildə ölkədə əhalinin növbəti siyahıya alınmasının keçirilməsi ilə bağlı verilmiş tapşırıqlar müzakirə edilib, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən görülmüş işlər qeyd olunaraq qarşıda duran əlavə vəzifələrin vaxtında və dürüst icra olunması tapşırılıb.

Вся лента