Dövlət Fitosanitar Xidmətində ümumrespublika müşavirəsi keçirilib

17:03 - 1.08.2018


1 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin inzibati binasında rayon bitki mühafizəsi mərkəzlərinin, regional aqrokiomya laboratoriyalarının, rayonlararası bioloji laboratoriyalarının, fumiqasiya dəstəsinin və Cəngi Pestisid Poliqonunun rəhbərliyinin və kollektivinin iştirakı ilə geniştərkibli ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə respublika ərazisində fitosanitar vəziyyət, aqrokimyəvi xidmətlərin, bioloji və fumiqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub.

Respublika ərazisində fitosanitar vəziyyət mövzusunda çıxış edən Dövlət Xidmətinin rəisi Ələddin Eyvazov bu ilin 6 ayı ərzində bu sahədə bir sıra həllivacib tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: “Bu tədbirlər sırasında ölkənin bitki örtüyünün qorunması istiqamətində aparılan aqrokimyəvi, mexaniki və kimyəvi mübarizə, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi tədbirləri ön sırada dayanır. Bu tədbirlər sayəsində ölkə ərazisində fitosanitar sabitlik təmin olunub. Dövlət Xidməti tərəfindən insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib. Xidmətin mütəxəssisləri tərəfindən bu istiqamətdə fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi işləri cari ildə də davam etdirilib”.

Regional aqrokimya laboratoriyalarının yaradılmasının zəruriliyi barədə də məlumat verən Ələddin Eyvazov bildirib ki, torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 11 regional aqrokimya laboratoriyası yaradılıb və Abşeron regional aqrokimya laboraoriyasının bazasında Respublika Aqrokimya Mərkəzinin yaradılması təklif olunub.

Dövlət Fitosanitar Xidmətinin Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə, regional aqrokimya laboratoriyalarının formalaşması, qurulması və qarşıda duran prioritet məsələlərin həlli barədə məruzə edib. Diqqətə çatdırıb ki, hazırda laboratoriyaların qurulması istiqamətində bir sıra işlər görülüb: “Artıq Bərdə və Quba regional aqrokimya laboratoriyalarında son tamamlanma işləri başa çatmaq üzrədir. Bu laboratoriyalar yaxın günlərdə tam gücü ilə fəaliyyətə başlayacaq və öz xidmətlərini vətəndaşlara təqdim edəcəklər. Xidmət sahəsinə torpaq, suvarma suyu, bitki analizlərinin aparılması kimi işlər daxildir. Həmçinin peşəkar mütəxəssislər aqrar sahələr üzrə texnoloji təlimatlar hazırlayaraq fermerlərə və təsərrüfat subyeklərinə təqdim edəcəklər”.

Respublika ərazisində xəstəlik və zərərvericilərə qarşı aparılan müşahidələr zamanı hələ də elmi əsaslara uyğun olmayan işlərin həyata keçirildiyini diqqətə çatdıran Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov vurğulayıb ki, ortaya çıxan çatışmazlıqların aradan qaldırılması üçün müşahidə işlərinin metodiki təlimatların göstərişlərinə uyğun həyata keçirilməsi ilə bağlı rayon bitki mühafizə mərkəzlərinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Dövlət Xidmətinin Fumiqasiya dəstəsinin baş mühəndisi Yaqub Səfərli ölkədə fumiqasiya tədbirlərinin Fumiqasiya dəstəsi tərəfindən aparıldığını diqqətə çatdırıb: “Bu tədbirlərin qeyri-dövlət subyektləri tərəfindən aparılmasına yol verilmir. Bitki və bitki mənşəli məhsulların, elevatorların tədarük bazalarının, fabriklərin, taraların və digər obyektlərin fumiqasiya edilməsi təxirəsalınmaz tədbirlərdən sayılır. Hazırda Azərbaycan Respublikası ərazisində karantin və xüsusi təhlükəli orqanizmlərin yayılmasının qarşısını almaq məqsədi ilə obyektlərdə zərərsizləşdirmə tədbirləri təlimatlara uyğun həyata keçirilir. Bakı şəhərində istehsal və saxlanma yerləri, Şəki, Oğuz, Bərdə, Qobustan, Ağdam, Ağcabədi, Beyləqan və İmişli rayonlarında toxumçuluq təsərrüfatlarının anbarları fumiqasiya edilib. Lakin bəzi toxumçuluqla məşğul olan taxıl və yem istehsalçıları bu tədbirlərdən yararlanmaq istəmirlər. Bunun da əsas səbəbi, bu barədə məlumatsız olmaları və işin mahiyyətini bilməmələridir”.

 

 

 

 

Вся лента