Otellər və Restoranlar Assosiasiyası ölkənin alkoqollu içkilər bazarında mövcud vəziyyətdən narahatlılıq bildirir

09:30 - 3.11.2017


Təşkilatın keçirdiyi monitorinqlərə əsaslanaraq əminliklə demək olar ki, ictimai iaşə sektorunda satılan xarici alkoqollu içkilərin əksəriyyəti saxtadır. Qaçaq malların satılması faktları da çoxdur.


Ölkəni ziyarət edən xarici turistlərin çoxalması fonunda, ictimai iaşə obyektlərinin inkişafında müsbət dinamika izlənir ki, bunların sırasında, alkoqollu içkilər təklif edən obyektlər  üstünlük təşkil edir. Bu, restoranlar, barlar, kafe və müəyyən hissəsi  mehmanxanaların nəzdində fəaliyyət göstərən obyektlərdir. Bildiyimiz kimi,  əcnəbilər, adına və dadına bələd olduqları xarici  içkilərdən istifadə edir. Bu içkilərdən, yerli istehsalçıların məhsulu arasında analoqu olmayan  viski,  tekila, rom, şampan, konyak, likyor və s. məhsulların dünya üzrə tanınmış markalarını sadalamaq olar.


İctimai iaşə və mehmanxana təsərrüfatı bazarında (HORECA) saxta məhsulların yer alması ciddi narahatçılığa səbəb olur. Keyfiyyətsiz, saxta alkoqollu məhsulların istehlakı, sağlamlığın ciddi pozuntuları şəklində özünü biruzə verə, bəzi hallarda isə ölümə gətirib çıxara bilər. Bu, xarici turistlərlə baş verdiyi halda isə, obyektin imicinə zərər vurmaqla yanaşı, ölkənin də adına xələl gətirə bilər.  HORECA sahəsindəki obyektlər, məhsulların harada və kimdən satın alınması barədə ciddi düşünməlidirlər.


Bizdə hətta faktlar var ki, saxta mallar barmenlər və menecerlər tərəfindən sifariş edilir və onlar  malın mənşəyi haqqında qabaqcadan bilirlər. Lakin saxta malların çatdırılmasını yalnız xırda ticarətçilər deyil, həm də rəsmi  distribütorların qanun pozuntularına yol verən  əməkdaşları da həyata keçirir.


Qəribədir ki, bəzi hallarda, saxta məhsulun həm alınması, həm də satılmasının təşəbbüskarı,  məhz biznes sahibi özü olur.


Məlum olduğu kimi, hələ 2016-cı ildə alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı, idxalı və satışı, lisenziyalaşdırılması tələb olunan fəaliyyət növləri siyahısından çıxarılmışdır ki, bu da öz növbəsində, ölkədə biznesin sözügedən seqmentinin inkişafına təkan verdi. Həmçinin dövlət nəzarəti mexanizmləri təkmilləşdirilmiş, sanksiyalar sərtləşdirilmişdir,  alkoqollu məhsulların nağd hesablaşma üzrə ticarətinə görə isə (pərakəndə  satış istisna olmaqla) cinayət təqibi daxil edilmişdir.


Lakin, təəssüf ki, HORECA-ın bir çox obyekti, öz şəxsi maraqlarını güdərək, əhalinin və xarici turistlərin sağlamlığını risk altına qoyaraq, alkoqollu məhsulların satın alınmasını həm xırda ticarətçilərdən, həm də ənənəvi topdan satış ticarətçiləri olan digər qanun pozucularından nağd hesablaşma ilə həyata keçirməyə davam edərək, qüvvədə olan qanunvericiliyə riayət etmir.
Bazarda saxta məhsulların mövcud olmasını, bəzi işbazlar tərəfindən, taranın, utilizasiya qiymətinə uyğun olmayan qiymətlərlə  satın alınması faktı təsdiqləyir. Məsələn, bir şüşənin utilizasiyasının qiyməti 4-10 qəpik arasında tərəddüd etdiyi halda, marka olan alkoqollu məhsulun şüşəsi 2-4 manata alınır. Bu isə onu bildirir ki, həmin şüşə, saxta məhsulun təkrar istehsalında istifadə ediləcək. Bu fakta  o vaxt bəraət qazandırmaq olardı ki, boş şüşələr idxalçılarının özləri tərəfindən (malın qorunması məqsədi ilə) satın alınsın, lakin, onlar bunu etmir. Bununla hətta utilizasiya şirkətləri məşğul olur və bu da vəziyyəti daha da çətinləşdirir, lakin onlar, cinayət sxemində bir vasitəçidir.


Bundan əlavə, alkoqollu məhsulların gecə satışı da aktivləşib. Qaranlıq düşən zaman, xırda ticarətçilər obyektlərə alkoqollu məhsulları paylayır, saxta və qaçaq mal çatdırırlar. Bu vəziyyət, alkoqollu içkilər idxalçılarını və rəsmi distribütorları dempinqə  üz tutmağa, hətta saxta mal satmağa məcbur edir, çünki onlar, başqa cür rəqabət  apara bilmirlər. İdxalçı şirkətlərin miqyasını və onların inkişaf etmiş logistika şəbəkəsini nəzərə alaraq, onların alkoqollu məhsulların qeyri-qanuni ticarətində iştirakı, həm istehlakçılar, həm də ümumilikdə ölkə büdcəsi üçün  gözlənilməz mənfi nəticələrə gətirib çıxaracaq. Azərbaycanın DTX-nin bu yaxınlarda 600 mindən artıq saxta aksiz markalarının aşkarlanması və götürülməsi üzrə keçirdiyi əməliyyatı,  ölkədə saxta malların dövriyyəsinin nəhəngliyi barədə xəbər verir.


Saxta alkoqollu məhsullar bazarı Avropa istehsalçılarına ildə 1,3 milyard avrodan artıq zərər vurur. Bu isə, Avropa bazarının ümumi satış həcminin 3,3%-ni təşkil edir. Bu, Avropa İttifaqının Əqli Mülkiyyət üzrə İdarəsinin  (EUİPO) məlumatıdır.
Fikrimizcə, bazarda təqdim edilən markanın və onun imicinin vəziyyəti ilk növbədə məhz, markaların hüquq sahiblərini, istehsalçı şirkətlərı narahat etməlidir. Bu, birinci növbədə, onların maraqları xeyrinədir. Markaların nüməyəndələri cəlb edilməlidir. Məhsulun keyfiyyətə uyğunluğunu yoxlamaq üçün iqtisadi və texniki alətlər mövcuddur.
Biz, təşəbbüs göstərərək, alkoqollu içkilərin keyfiyyətinin sınaqdan keçirilməsi üzrə ixtisaslaşdırılmış təşkilatlara müraciət edə bilərik. İctimai iaşə və istehlakçı hüquqlarının qorunması sektorunda fəaliyyət göstərən bütün ictimai təşkilatları bu təşəbbüsə qoşulmağa dəvət edirik.


Həmçinin, hüquq-mühafizə orqanlarına və  bütün digər müvafiq nazirliklər və idarələrə müraciət edərək xahiş edirik ki, onlar, saxta və qaçaq malların istehsalı, idxalı və satışına nəzarəti gücləndirsinlər.


Azərbaycan Respublikasının iqtisadi maraqlarına yönəldilmiş etil spirti, alkoqol və spirttərkibli məhsulun istehsalı və dövriyyəsi sahəsində dövlət tənzimlənməsi sisteminə, istehlakçıların göstərilən məhsulda tələbatlarının təmin edilməsinə, həmçinin, onun  keyfiyyətinin yüksəldilməsinə və tənzimlənən sahədə qanunvericilik, normalar və qaydalara riayət edilməsinə nəzarətin keçirilməsinə xüsusi  diqqət yetirilməlidir.


Alkoqollu məhsulların dövriyyəsi ilə bağlı proseslərin keyfiyyətinə və tənzimlənməsinə nəzarətin gücləndirilməsi yollarından biri, digər ölkələrdəki analoqlar kimi, vahid dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaradılması ola bilər.


Xatırlatmaq istərdik ki, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən,  Azərbaycanın Qida Təhülkəsizliyi Agentliyi yaradılır. Agentlik, fəaliyyətinə 1 yanvar 2018-ci il tarixində başlayacaq. Agentlik qida məhsullarının, o cümlədən içkilərin keyfiyyətinə nəzarətin gücləndirilməsində  və istehlakçı hüquqlarının qorunmasında əvəzsiz rol oynayacaq.


Samir Dübəndi
İdarə Heyətinin Sədri

 

Вся лента