“TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatmışdır/Foto

16:37 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Xəbər verildiyi kimi Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də  sona çatmışdır

Təlimə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunmuşdur. “TENİZ-2018” beynəlxalq kompleks təliminin keçirilməsində əsas məqsəd  fövqəladə hallara effektiv və əlaqələndirilmiş şəkildə reaksiya verilməsi üçün region dövlətlərinə məxsus xilasetmə xidmətlərinin, sahilyanı mühafizə qüvvələrinin, neft şirkətlərinin və digər müvafiq dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin nümayiş etdirilməsindən ibarət olmuşdur.

Təlim iki mərhələdə keçirilmişdir. Birinci mərhələdə şərti fövqəladə hal baş verdiyi təqdirdə qarşılıqlı informasiya mübadiləsi və Xəzəryanı dövlətlərin xilasedici qüvvə və vasitələrinin təşkilinə dair tapşırıqlar yerinə yetirilmişdir.  İkinci mərhələ zamanı isə “İri həcmli gəmilərin toqquşması zamanı yaranmış fövqəladə halların qarşısının alınması”, “Xəzər dənizi hövzəsində gəmidə yanğın baş verdiyi təqdirdə insanların xilas edilməsi və yanğının söndürülməsi”, “Potensial təhlükəli obyektdə yanğının qarşısının alınması və kimyəvi tullantıların məhv edilməsi”, “Qazma qurğularında yanğının söndürülməsi” və “Daşqın bölgəsindən insanların və əmlakın xilas edilməsi” üzrə tapşırıqlar icra olunmuşdur. Təlimin ikinci mərhələsində, həmçinin qəza-xilasetmə avadanlıqlarının sərgisi də keçirilmişdir.

Təlimin sonunda mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 12 əməkdaşı Qazaxıstan Respublikasının daxili işlər naziri tərəfindən mükafatlandırılmışdır.

Təlimə ümumilikdə 500 nəfər yanğınsöndürən və xilasedici, 78 ədəd xüsusi texnika, 1 təyyarə, 7 helikopter, 4 gəmi, 7 yüksəksürətli xilasedici kater, habelə yanğınsöndürən avtomobillər, dağılmış neftin yığılması üçün avadanlıqlar cəlb edilmişdir.

Təlimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya avtomobili, “Mersedec Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobili və “BE-200 ÇS” amfibiya təyyarəsi də iştirak etmişdir.

 


Вся лента