Kürdəmirdə 34 km uzunluğa malik avtomobil yolunun yenidən qurulması bitir

11:20 - 10.08.2018


10 avqust, Fineko/abc.az. Başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 184-cü km-dən götürən Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 8 mindən artıq əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq  və çınqıl  örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

34 km uzunluğa malik avtomobil yolunun təqribən 20 km-i deformasiyaya uğramış çınqıl örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılıb, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri20 sm qalınlıqda qum-çınqıl, üst layının 12 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə aparılıb.

Yolun 14 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılıb. Ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülüb.  Daha sonra xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib. 

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində artıq yolun asfaltlanması işlərinə start verilib. Hazırda yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 smqalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılır. Bu işlər 200 min kv.m-dən çox ərazini əhatə edir.

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yolda yerləşən 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri də aparılacaq.  

Yolun yenidən qurulması yaxın aylarda tam olaraq yekunlaşdırılacaq.

Bu tədbirlərin icrası, ilk növbədə, Pirili-Muradxan-Sor-Sor marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

Вся лента