“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb

15:40 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Müxtəlif ali təhsil müəssisələrinin “SABAH” qruplarında pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrinə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təcrübə keçmələri üçün ayrılan müddət başa çatıb.

BŞTİ-dən bildiriblər ki, təcrübə proqramının məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı göstərmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdır.

“SABAH” qruplarında təhsil alan 17 tələbə iyulun 16-da başlayan proqram çərçivəsində BŞTİ-də bir ay təcrübə keçmək imkanı qazanıb, nəzəri biliklərini real iş şəraitində tətbiq ediblər. Onlara potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirmək baxımından idarədə əlverişli şərait yaradılıb. Proqram çərçivəsində tələbələr kommunikasiya sahəsində bacarıqlarını inkişaf etdirmək, müxtəlif tədbirlərə qatılmaq və kollektivdə fəaliyyət vərdişlərinə yiyələnmək imkanı qazanıblar.

Təcrübə proqramını uğurla başa vuran gənclərə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən “SABAH” qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

“SABAH” qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

 

Вся лента