Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Caspian European Club” arasında əməkdaşlıq genişləndirilir

11:13 - 17.08.2018


16 avqust 2018-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə klubun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi.

Görüşdə təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, ölkədə şəhərsalma və tikinti sahəsinin perspektiv inkişafı istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev qurumun qısa- və uzunmüddətli hədəfləri, görülən işlər barədə məlumat verdi və qeyd etdi ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir. O, bildirdi ki, ölkə başçısının Komitə qarşısında qoyduğu başlıca vəzifələrdən biri bu prosesin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsidir. İş adamlarını bu sahədə açıq dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edən cənab Samir Nuriyev, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan tikinti sektorunun davamlı inkişafında özəl sektorun böyük rolunun və məsuliyyətinin olduğunu vurğuladı, Komitənin cavabdehlik dairəsinə aid olan layihələrlə bağlı “Caspian European Club”un üzvlərinin təkliflərinin öyrənilməsinin vacibliyini qeyd etdi.

Göstərilən diqqətə və “Caspian European Club”la sıx əməkdaşlığa görə Komitə sədrinə minnətdarlığını bildirən Telman Əliyev, ikitərəfli əməkdaşlığın şəhərsalma və tikinti sahəsində problemlərin həllinə töhfə verəcəyinə, habelə iş adamları ilə davamlı dialoqun, məlumat və təcrübə mübadiləsinin təşkili ilə bağlı təmsil etdiyi özəl sektorun hər cür səy göstərəcəyinə inandığını bildirdi.

Görüş çərçivəsində aparılmış fikir mübadiləsinin yekununda, tikinti sahəsində mövcud çağırışların operativ müzakirəsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə “Caspian European Club”un, “Caspian American Club”un və “Caspian Asian Club”un üzv şirkətlərinin və Komitənin məsul əməkdaşlarının təmsil olunacağı daimi işçi qrupun yaradılması barədə razılıq əldə olundu.

 

 

Вся лента